Azərbaycan Demokratıya və İnkişaf Assosiasiyası (OCAQ) tərəfindən Kürd silahlı qruplarının təhdidləri və keçid dövründə Qərbi Azərbaycan Əyalətində ehtimal olunan hakimiyyət boşluğundan sui-istifadə ilə bağlı
BƏYANAT
İran müasir tarixin ən önəmli və kritik mərhələlərindən birinə qədəm qoyur. Yaxın Şərqdə baş verən geosiyasi dəyişikliklər, xüsusilə də İsrail (və ABŞ) ilə İran İslam Respublikası arasında baş vermiş hərbi qarşıdurmalar İran rejiminin hərbi və kəşfiyyat strukturlarını ciddi şəkildə zəiflətmiş, bir çox sahələrdə ölkənin idarəçilik sistemini fəaliyyətsiz hala salmışdır. Belə bir vəziyyət İslam Respublikasının süqutu ehtimalını hər zamankındən daha real etmiş və diqqəti təbii olaraq, keçid dövrü və post-rejim İranına yönəltmişdir.
Avtoritar bir hakimiyyətdən demokratik, qeyri-mərkəzləşdirilmiş (federal), davamlı inkişaf və ayrı-seçkiliyin aradan qaldırılmasına əsaslanan bir sistemə keçid üçün tarixi bir fürsət yaranmaqdadır. Lakin bu keçid dövrü ciddi təhlükələrlə də qarşı-qarşıyadır. Xüsusilə də hakimiyyət boşluğundan istifadə edərək işğal, ekspansiya və etnik təmizləmə layihələrini (Suriyadakı modelə bənzər şəkildə) həyata keçirmək istəyən silahlı qrupların təhdidləri bu dövr üçün əsas risklərdəndir. Bu layihələr bölgə xalqlarının tarixi sülh və birgəyaşayışını hədəfə alır.
Suriya və İraq təcrübəsi göstərdi ki, hakimiyyət boşluğu şəraitində silahlı qruplar üçün ərazi işğalı, etnik təmizləmə və tayfa əsaslı hökmranlıq qurmaq üçün imkanlar yaranır. Suriyada PKK-ya bağlı silahlı qruplar “Suriya kürdlərinin müdafiəsi” adı altında ölkənin üçdə bir hissəsini uşaqların əsgərliyə cəlb olunması və etnik təmizləmə yolu ilə işğal etdilər. Halbuki, onların silahlı qüvvələrinin əsasını yerli əhali deyil, Türkiyə, İraq və İran vətəndaşları təşkil edirdi,
İranda, xüsusilə Qərbi Azərbaycan Əyalətində bu cür narahatedici əlamətlərə əsaslanaraq, biz – sülh, inkişaf və ədalətə sadiq demokratik bir təşkilat olaraq – aşağıdakı məqamları açıq şəkildə bəyan edirik:
1. İran İslam Respublikasının süqutu ehtimalı və demokratik bir sistemə keçid fürsəti hüquqi və təhlükəsizlik boşluğu yaradaraq bölgəni işğal və etnik təmizləmə layihələrinin sınaq meydanına çevirməməlidir. İranın gələcəyi və Qərbi Azərbaycan Əyalətinin sabitliyi üçün silahlı qrupların Suriyaya bənzər layihələr həyata keçirməyə cəhd göstərməsi ciddi bir təhlükədir. İranın çoxdilli və çoxdinli reallığı, son yüz ildə qeyri-fars xalqlara qarşı həyata keçirilən haqsızlıqlar inkar edilə bilməz, lakin bu ədalətsizliklərin aradan qaldırılması “suriyalaşdırma” yolu ilə mümkün deyil. Dil, cinsiyyət, etnik və sosial ayrı-seçkiliyin ləğvi yalnız demokratiya, federal struktur, hüququn aliliyi və xalq iradəsinə söykənən bir sistemlə mümkündür. Unutmamaq lazimdir ki, hazırkı İranın problemi silahlı qrupları idarə edə bilməməsi deyil, əsas problem xalqın iradəsinə tabe olmayan bir hakimiyyət modelinin mövcudluğudur. Silahlı qrupların Qərbi Azərbaycan Əyalətinin şəhərlərinə daxil olması bölgəni çıxılmaz bir cəhənnəmə sürükləyəcək. Ən böyük zərəri isə bölgənin inkişafdan geri qalmış və orada yaşayan müxtəlif etnik və dini kimliklərə malik insanlar çəkəcəklər.
2. Qərbi Azərbaycan Əyalətinin əhalisi olan türklər və kürdlər 1979-cu il inqilabının başlanğıcında buradakı silahlı qrupların ərazi iddialarının ilk növbədə ayrıseçkiliklə mübarizəyə vurduğu zərəri və onun acı nəticələrini çox yaxşı xatırlayırlar. İranın hazırkı inzibati-ərazi bölgüsü (31 əyalət) də dil və ya dini sərhədlərə əsaslanmır. Son zamanlar heç bir etnik və dini fərq olmadan belə, vilayət və şəhər sərhədlərinin dəyişdirilməsi ciddi sosial gərginliklər doğurmuşdur. Dolayısilə, hazırkı şəraitdə əyalət sərhədlərinin dəyişdirilməsinə yönəlmiş hər cür təşəbbüs məsuliyyətsiz və dağıdıcıdır. Bu cür addımlar xalqı dəyişimdən qorxutmaq üçün rejimin təbliğ etdiyi “bölgənin parçalanma və vətəndaş müharibəsi təhlükəsi” ssenarisinə xidmət edir və əslində İranda islam rejiminin güclənməsinə kömək edir. Çünki cəmiyyətin böyük hissəsi silahlı anarxiyadan haqlı olaraq qorxur.
3. Əyalət adlarının dəyişdirilməsi və yeni xəritələrin dərc edilməsi – məsələn, İran Kürdüstan Demokrat Partiyasının Qərbi Azərbaycanın da daxil olduğu beş əyaləti “Kürdüstan əyalətləri” kimi təqdim etməsi – ekspansionist, təhrikedici, hüquqi əsası olmayan və bölücülük xarakterli addımlardır. Qərbi Azərbaycanın şəhərlərinə “Kürdüstan” adının verilməsi dörd mərhələli bir layihənin birinci mərhələsidir: 1) ad dəyişdirmək, 2) bölgəni “mübahisəli ərazi” elan etmək, 3) hərbi işğal, 4) işğal olunmuş ərazilərin legitimləşdirilməsi. Biz bu təxribatları qətiyyətlə pisləyirik. Ermənistanın Qarabağda həyata keçirməyə çalışdığı eyni layihənin necə uğursuzluğa düçar olduğu hamımıza məlumdur. Qarabağda bu layihə dördüncü mərhələyə qədər irəlilədi və indilikdə də onun Suriyada üçüncü mərhələsinə şahidik. Beynəlxalq Əfv kimi təşkilatların PKK-nın Suriyada “demokratiya və bərabərlik” şüarları altında həyata keçirdiyi etnik təmizləmələrlə bağlı hesabatları bu planın gerçək mahiyyətini ifşa etmişdir. Maraqlıdır ki, bu hesabatlar heç vaxt “suriyalaşdırma” planı olan qrupların media kanallarında əks etdirilməyib.
4. Əyalət sərhədləri ilə bağlı istənilən iddiaların və mübahisələrin yeganə çıxış yolu, hazırkı inzibati-ərazi bölgüsü sisteminin saxlanılması, gələcəkdə onun demokratik və hüquqi çərçivədə milli razılaşma yolu ilə həll olunmasıdır. Təbii ki, bu hüquqi strukturlar ölkə üzrə bütün bu cür mübahisələrin yeganə rəsmi ünvanı olacaq. Deməyə ehtiyac yoxdur ki, hər bir əyalətdə yaşayan etnik və dini azlıqların kollektiv hüquqları təmin olunmalıdır.
İran xalqına və demokratiya tərəfdarlarına müraciət
Qərbi Azərbaycan Əyalətinin şəhərlərinə yönəlik ərazi iddiaları və kürd silahlı qruplarının təhdidləri yalnız regional bir məsələ deyil, bütün ölkəni əhatə edən və keçid dövrünə, xalqın gələcəyə olan ümidinə birbaşa təsir edən bir problemdir. Bir bölgədə başlayan qarşıdurmalar asanlıqla digər bölgələrə də sıçraya bilər. Farsdilli media orqanları Suriyada və İraqda baş vermiş bu cür terror və qəddarlıqlara kifayət qədər yer ayırmasa da, ölkə aydınları və vətəndaş cəmiyyətləri bu məsuliyyəti öz üzərlərinə götürməli, bu təhlükə barədə maarifləndirmə işi aparmalıdır. Siyasi şəxsləri və qurumları tarixi və insani məsuliyyətlərini yerinə yetirməyə, gec olmadan bu təhlükəli qrupların avantüralarının qarşısını almağa çağırırıq.
Azərbaycan Demokratıya və İnkişaf Assosiasiyası (OCAQ) bu məsələni həyati əhəmiyyətli görərək, əsas prioritetlərindən biri kimi ələ almışdır. Təşkilatımızın rəhbərliyi və üzvləri bu mövzuda hələ fəaliyyətə başlamamışdan öncə – o cümlədən 2020-ci ilin iyulunda yayımlanmış “Xalqın arzularına atəş açmayın” başlıqlı tarixi bəyanatında – və sonrakı mərhələlərdə silahlı qruplarla dialoq imkanlarını araşdırmış və bu təhdidlərin dayandırılmasını tələb etmişdir. Qeyd edirik ki, bu çağırış və xəbərdarlıqlar heç də zəiflik və qorxu ilə əlaqəli deyil. Biz İslam Respublikasından az itki ilə keçid, müharibənin qarşısının alınması və ölkədə ümumi rifah və demokratiyanın təmin olunması üçün siyasi və insani öhdəliyimizi yerinə yetiririk. 1404-cü ilin fərvərdin ayının 2-də (22 mart 2025) Urmu şəhərində keçirilmiş tarixi xalq mitinqi göstərdi ki, Azərbaycan xalqı siyasi və dini baxışından asılı olmayaraq, öz təhlükəsizliyinə və gələcəyinə qarşı yönəlmiş təhdidlərə qarşı ayıqdır və birdir. OCAQ tam əminliklə bəyan edir ki, Azərbaycan xalqı öz alternativlərilə bu cür qrupların mümkün hərəkətlərinə qarşı durmağa hazırdır, hər hansı fürsətçilik və avantürizm xalqın qəti reaksiyası ilə qarşılaşacaqdır.
Bir daha vurğulayırıq: İran İslam Respublikasından çıxış və keçid dövrünün uğurla idarə olunmasının yeganə yolu xalqı ümidsizliyə sürükləmək və parçalamaq deyil, bütün İran xalqlarının birlik ruhunu qorumaq, demokratik federativ sistem, sekulyarizm və hüququn aliliyinə əsaslanan yeni bir gələcək üçün siyasi güclərin anlaşmasını təmin etməkdir.
Azərbaycan Demokratıya və İnkişaf Assosiasiyası (OCAQ)
10 iyul 2025-ci il