İranda Ana Dilinə Dayanan Çoxdilli Təhsil Sisteminin Həyata Keçirilməsinə Dair Araşdırma Və Anlaşmanın Zəruriliyi
Azərbaycan Demokratiya və İnkişaf Ocağının Beynəlxalq Ana Dili Günü münasibəti ilə bağlı bəyanatı (1402)
21 fevral Beynəlxalq Ana Dili Günüdür. Bugün ana dilində təhsildən məhrum olduqlarından yüz ilə yaxın keçən İranda qeyri-farslar üçün mənalı və həsrət dolu bir gündür. Mərkəzçi siyasi qüvvələr İranın parçalanmağı qorxusunu yaymaq başda olmaq üzrə müxtəlif bəhanələrlə bu demokratik ve insan haqlarına dayanan tələbə qarşı gəlsələr də, qeyri fars xalqlar bu bir əsr ərzində bu əsas haqq uğrunda davamlı mucadilə aparmışlar. Mərkəzçi muxalif qüvvələrin bu qonuda hakim rejimlərin əzici və totalitar siyasətinə dəstək nümayiş etdirməsi, İran xalqlarının hərəkatı ilə bu qüvvələr arasında parçalanma və güvənsizliyin ən önəmli səbəblərindəndir.
Ayrı-seçkiliyə qarşı hərəkatlar arasında Azərbaycan türkləri İranda təkdilliliyin sona çatması və çoxdilliliyə keçmək uğrunda mübarizənin bayraqdarları olub, belə ki son onilliklərdə, ana dilinə odaqlanmaq və təkid etmək azərbaycanlıların sivil mübarizəsinin ayrılmaz bir parçası olub.
İrandakı milli hərəkatların fəaliyyət dairəsinə və hazırkı mövqelərinə nəzər saldıqda, onların davamlı və israrlı mübarizələrinin bir əsrdən sonra geri dönüşü olmayan mərhələyə çatdığını söyləmək olar. Belə ki, İranın ən mərkəzçi siyasi cərəyanları da ən azı rəsmi və siyasi mövqelərində ana dilini öyrətmək hüququnu qəbul etməyə məcbur olublar. Buna baxmayaraq, mərkəzçi qüvvələr indiki mərhələdə sözlə oynamağa əl atıblar. Onlar öz imtiyazlarını və müstəsna maraqlarını qorumaq və bu hüququ tam şəkildə qəbul etmək məsuliyyətindən xilas olmaq üçün “ana dildə təhsil” əvəzinə “ana dili təhsili”ni irəli surmuşlər, beləcə həm öz demokratik duruşlarını qorumaq istəyirlər həm də İranın gələcəyində mövcud ayrı-seçkiliyi olduqca qorumaq niyətindədirlər.
“Qadın Yaşam Azadlıq” hərəkatının təsirində yaranan ayrı-seçkiliyə məruz qalmış kimliklərin hüquqlarına qarşı həssaslığı və milli-etnik tələblərin legitimliyi İran toplumunda müəyyən dərəcədə qəbul edildiyini nəzərə alaraq demək olar ki, indi sıra mərkəzçi siyasi müxaliflərə gəlib çatmışdır. Onlar, demokratiyaya inandıqlarını isbatlamaq üçün ana dilində təhsilə əsaslanan çoxdilli təhsil sistemini tam və qeyd-şərtsiz qəbul edərək, güvən yaratmaq üçün ilk addımlarını atmalıdırlar. İranda, “Qadın, Yaşam, Azadlıq” hərəkəti sonrası vəziyyətdə demokratik keçidə zəmin yarada biləcək ünsurlardan biri çoxdilli təhsil sistemini qəbul etməkdir.
Digər tərəfdən, İranda milli-dil haqları ilə bağlı hərəkatlar da vətəndaş tələbləri, sivil fəaliyyət və təfriqə salan iddialardan qaçınmaq əsasları ətrafında daha artıq yaxınlaşıb birlikdə hərəkət etməlidirlər. İnanırıq ki, çoxdilli İranda təhsil və idari sistemlə bağlı dialoq, müzakirə və anlaşma indiki mərhələdə ən zəruri fəaliyyətdir.
Azərbaycan Demokratiya və İnkişaf Ocağı, ana dilində təhsil hüququnu vurğulamaqla yanaşı bütün qrupları və demokratiya tərəfdarlarını bu danılmaz hüququn necə reallaşdırılması yollarını araşdırmaq üçün əməkdaşlığa dəvət edir. Azərbaycan Ocağının bu məsələyə yanaşması elmi və inkişaf yönümlüdür və İranın siyasi, sosial və iqtisadi şəraiti nəzərə alaraq digər ölkələrin təcrübəsindən istifadə edilməsindən yanadır. Biz ölkədə fərdi və milli inkişafı amaclayaraq maksimalist yanaşmadan (hamısı yaxud heçbiri) qaçaraq, ana dilinə əsaslanan çoxdilli təhsil sistemini mərhələli bir şekildə reallaşdırılması üçün çalışırıq.
Azərbaycan Demokratiya və İnkişaf Ocağı
2024-cü ilin fevralı