Azərbaycan Demokratiya və İnkişaf Ocağının Məramnaməsi

Azərbaycan Ocağını

Mündəricat

01

Giriş

Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyasının (bundan sonra “Azərbaycan Ocağı yaxud OCAQ”) məramnamə (əsasnaməsi) adı ilə hazırlanan bu sənəd İran və onun Azərbaycan bölgəsində mövcud vəziyyətinin köklərini qısaca olaraq nəzərdən keçirir və izah edir, eləcə də onun əsas problemləri və böhranlarını sadalayır. Daha sonra isə mövcud böhranları həll etmək məqsədi ilə “Azərbaycan Ocağı”-nın hansı prinsiplər və baxışlar üzərində qurulduğunu açıqlayır. Bu sənəd “Azərbaycan Ocağı”-nın 10 dekabr 2023-cü il tarixində keçirilən Konqresində təsdiq olunmuşdur.

02

Tarixi kontekstlər

2.1. Dünya tarixi

17-ci əsr Avropasında Vestfaliya sülh müqaviləsi imzalandıqdan sonra dünyada milli dövlət anlayışına əsaslanan yeni nizam formalaşmağa başladı. Ötən müddət ərzində bu yolda bir sıra çətinliklər yaşansa da, müasir dünyada milli dövlət sistemi mövcud nizamın özəyi kimi qalmaqdadır. Bununla belə, dünyanın əksər inkişaf etmiş və demokratik dövlətləri milli dövlət quruculuğu prosesinin ilkin mərhələlərini, yəni sərt, repressiv və ideoloji mərhələləri təcrübədən keçirmiş, I və II Dünya Müharibəsi, faşizmin yüksəlişi kimi acı təcrübələrdən sonra, dövlət quruculuğu prosesinin ilkin mərhələlərindəki səhvlərini düzəltməyə çalışmışlar. Əgər ötən əsrlərdə milli kimliyin əsası ayrı-seçkilik və assimilyasiya üzərində qurulmuşdusa, hazırda demokratik və humanist dəyərlər sayəsində milli kimliyi ideologiyadan arındırıb, torpaq, qan, irq və s. kimi əsaslı anlayışlardan keçid mərhələsinə gəlmişdir.

Müasir dünyada insan haqları, demokratik və inkişaf yönümlü fikirlərin əsas müzakirəsi ondan ibarətdir ki, milli azlıqlar çoxluğun ağır kölgəsi altından çıxmalı, cəmiyyətlərdə müxtəliflik və plüralizm, fərqliliklər tanınmalı və bütün insanlar sinfindən, milliyyətindən, etnik mənsubiyyətindən, irqindən, dilindən, cinsindən, dinindən asılı olmayaraq bərabər hüquqlara malik olmalıdırlar. Buna əsaslanaraq, milli azlıqlara qarşı ayrı-seçkiliyin və bərabərsizliyin aradan qaldırılması davamlı inkişafa nail olmaq üçün daxili siyasətin əsas tərkib hissəsidir, azlıqların mədəni, sosial, iqtisadi və siyasi hüquqlarının təmin edilməsi isə demokratik hökumətlərin diqqət mərkəzindədir. Bunlardan əlavə dünyanın qloballaşması dövləti olmayan məzlum xalqların milli sərhədlərdən kənarda da öz fərqli siyasi varlıqlarını göstərmələri üçün şərait yaratmışdır.

2.2. İran tarixi

Məşrutə inqilabı İran tarixində ölkənin tarixi geriliyini dayandırmaq  və müasir dünyaya qoşulmaq üçün səy göstərmiş yeni bir səhifənin başlanğıcıdır. Lakin bu inqilab obyektiv şəraitin olmaması və yoxsulluq, savadsızlıq, avtokratik mədəniyyət, xaricdən müdaxilə və s. kimi amillərin təsiri altında uğursuzluğa düçar oldu. Bu uğursuzluq 125 il bundan əvvəldən bu günə qədər İranda demokratiya tərəfdarı hərəkatlarının yaxasını buraxmamışdır. Məşrutə inqilabı qısa müddətdə möcüzəvi dəyişikliklərə qadir olmadığı şəraitdə hərbi çevriliş yolu ilə yatırıldı və cəmiyyət diktatura rejimin məruz qaldı. Bu hadisə yeni dövrdə avtoritar rejimin möhkəmlənməsinə səbəb oldu, eləcə də Rza Xanın diktaturasının məcburi modernləşdirilməsi ilə İran üçün tarixi və dərin inkişaf ziddiyyətlərini miras qoydu.

Bu tarixi ziddiyyətlərin mühüm cəhətlərindən biri də, təbii ki, təkcə Pəhləvi dövrü ilə məhdudlaşmayan və İslam Respublikası rejimini də əhatə edən qeyri-bərabər inkişafdır. Belə ki, fars və şiə bölgələri qeyri-fars və sünni bölgələri ilə müqayisədə daha inkişaf etmişdir. Bu məsələnin kökündə fars/şiə üstünlüyünə əsaslanan mərkəzləşdirilmiş avtokratik hökumət olan İranda müasir milli dövlətin mahiyyəti dayanır. Pəhləvi dövründə olduğu kimi, dövlətin rəsmi ideologiyası olan farsların hakim mədəniyyət forması arxaik və irqçi Ariyayi millətçiliyi bütün zorakılıq və repressiyalarla mərkəzin hegemonluğu altında olan İrandakı millətlərinin siyasi varlığını və onların mədəniyyət və dillərini ortadan qaldırmağa çalışır. 1979-ci ildə İran inqilabının qələbəsindən sonra İranın kimlik siyasətinin təsisi kimi farsçılıq və şiəlik İran millətlərinə qarşı ayrı-seçkilik və bərabərsizliyin daha da geniş yayılmasına səbəb olmuşdur. Mərkəzi hökumətin fəaliyyəti, milli zülm halları ilə yanaşı, gender və sinfi zülmün institutsionallaşmasına təkan vermişdir. Bu da öz növbəsində inkişafa ciddi maneə olan səbəbə çevrilmişdir.

2.3. Azərbaycan tarixi

Məşrutə inqilabının və bir çox müasir, milli və demokratik hərəkatların kökləri Azərbaycandadır. Bununla belə, bu siyasi hərəkatların iflasa uğraması və Pəhləvi rejiminin yüksəlişi İran və Azərbaycan türklərinin bu hakimiyyətin ayrı-seçkilik və irqçi siyasətinin əsas qurbanlarından birinə çevrilməsinə səbəb olmuş, həmçinin ilk dəfə olaraq Azərbaycanın İranda xüsusi mövqeyini təhdid altında qoymuşdur. Buna cavab olaraq Azərbaycan İkinci Dünya Müharibəsinin sonunda 1945-1946-cı illərdə muxtar və milli bir hökumət qurmağa başlamışdır. İranda ilk dəfə qadınların səsvermə hüququnun tanınması, torpaq islahatlarının aparılması, Azərbaycan xalqının mədəni, sosial və siyasi hüquqlarının təmin edilməsi, eləcə də əmək qanununun hazırlanması bu hökumətin mühüm nailiyyətlərdən idi. Azərbaycan milli hökumətinin bir illik ömründə bu nailiyyətləri bir təcrübə kimi qiymətləndirilərsə bu İranda demokratik və modernist siyasətin həyata keçirilməsində istisna haldır.

Bu hökumətin Pəhləvi rejimi tərəfindən sərt şəkildə boğulması ilə Azərbaycanın görkəmli ziyalıları və siyasi elitası məhv edilmişdir. Bir neçə onillik fasilədən sonra, 1980-ci illərin sonundan etibarən Azərbaycan ziyalılarının yeni nəsli öz milli və demokratik tələbləri ilə yenidən siyasi səhnəyə çıxdı. Bu illər ərzində ayrı-seçkilik siyasətinin kölgəsində Azərbaycanın siyasi və iqtisadi mövqeyi zəifləmiş, dil və mədəni assimilyasiya siyasətləri nəticəsində türk milli kimliyinin varlığı ciddi təhlükə altına düşmüşdür. Hətta 1979-cu ildə İran inqilabının baş verməsi də bu ayrı-seçkilik siyasətlərinə son qoymadı, həm də ona daha dini və avtoritar rəng verdi. Odur ki, Azərbaycan mübarizələrinin yeni mərhələsində öz tarixi mənşəyinə əsaslanaraq, gender, sinfi, dini kimliklər və ətraf mühitlə bağlı tələbləri üçün hüquqların təmin edilməsinə çalışır.

03

Mövcud vəziyyət

İran İslam Respublikasının hakimiyyəti dövründə xalqın və müxtəlif siyasi cərəyanların mübarizələri o qədər şiddətlənmişdir ki,  son illərdə hazırkı hökumətin mövcudluğuna son qoymaq üçün ümumi konsensus formalaşmışdır. Habelə, iki Pəhləvi hökumətinin və İslam Respublikasının uğursuz idarəçiliyinin kölgəsi altında İran hazırda böyük böhranlar və geniş yayılmış problemlərlə mübarizə aparır:

  1. Su qaynaqlarının düzgün idarə edilməməsi və ekoloji böhran;
  2. Ölkə qlobal iqtisadiyyatla rəqabət apara bilən məhsuldar və gəlir gətirən iqtisadiyyat əvəzinə yeraltı sərvətlərin satışı ilə idarə olunur. Lakin əldə edilən gəlirlər ölkənin çiçəklənməsi və inkişafı üçün istifadə edilmək əvəzinə, İran hökumətinin sistemli korrupsiyasının, qeyri-şəffaf sistemin və rentaçılığın kölgəsində SEPAH kimi xüsusi mafioz şəbəkələr tərəfindən talan edilir;
  3. Bərabər olmayan inkişaf mərkəz və kənar bölgələr arasında böyük fəqlərə və dərin uçurumlara gətirib çıxarmış, İranda sərvət və imkanların bölüşdürülməsinin ədalətsiz forma almasına səbəb olmuşdur. Bunlarla yanaşı, dil və mədəni assimilyasiya siyasətinin davam etdirilməsi də İran da yaşayan müxtəlif millətlərin yaşadığı bölgələrin inkişaf baxımından ölkənin ən aşağı pillələrində yer almasına səbəb olmuşdur;
  4. Qadınlar İran İslam Respublikasının patriarxal və anti-qadın sisteminin əsas qurbanlarından birinə çevrilmişlər. Şəriətdən irəli gələn qanunlar onların ən elementar hüquqlarını, o cümlədən geyim seçmək hüququnu pozur, şəxsi və sosial azadlıqlarını ciddi şəkildə məhdudlaşdırır, qanunların dəstəyi ilə onlar bərabər imkanlardan məhrum edilir, hüquqları sistemli şəkildə pozulur. İslam Respublikasında digər cinsi azlıq qrupları da ən şiddətli təzyiq altına düşmüşdür;
  5. İslam Respublikası teokratik şiə rejimi ilə idarə edilir və konstitusiyasında on iki imam şiəliyi rəsmi din kimi qeyd olunmuşdur. İslam Respublikası fiqh və şəriətə istinad edən qanunlara arxalanaraq, digər qeyri-müsəlman qrupların, həmçinin şiə olmayan müsəlmanların əsas hüquqlarını pozur, ideoloji və dini azadlıqları ciddi şəkildə basqı altına almışdır;
  6. İranda hökumətin səmərəsizliyi və onun iflasa uğramış iqtisadiyyatı nəticəsində ayrı-seçkilik və sinfi bərabərsizlik xeyli artmış və bu xaotik vəziyyətin əsas qurbanları arasında aşağı gəlirli qruplar, işçilər və təcrid olunmuş insanlar çoxluq təşkil etməkdədir;
  7. İran İslam Respublikasının müdaxiləçi siyasəti, bölgədə şiə ayparasını genişləndirmək üçün terrorçu və fundamentalist qruplara dəstək verməsi, habelə bu hakimiyyətin qlobal səviyyədə düşmən mövqeləri İranın regionda və dünyada təcrid olunmasına səbəb olmuşdur. Yeri gəlmişkən qeyd olunmalıdır ki, ölkənin gəlirləri ölkəni inkişaf etdirmək əvəzinə bu nəticəsiz avantüralara xərclənir, xalq isə təzyiq altında saxlanılır;
  8. Ölkədə son yüz ildə avtoritar rejimlərin davam etməsi, eləcə də vətəndaş və siyasi institutların sıxışdırılması nəticəsində iqtidar, müxalifət və hətta xalq arasında siyasi ifratçı, totalitar və mürtəce meyillərin yaranmasına şahidlik olunmaqdadır;
  9. Mövcud ziddiyətlər, güvənsizlik və gələcəyə ümidverici perspektivlərin olmaması sayəsində İrandan çoxlu savadlı gənclər köç etmişdir ki, bu da uzunmüddətli perspektivdə insan kapitalını zəiflədəcək və ölkəni mütəxəssislərdən məhrum edəcəkdir.
04

problemlərin yanaşması

Bizim nöqteyi-nəzərimizdən mövcud böhran vəziyyətdən çıxmağın həlli xalqa zülm edən İslam Respublikasının bitməsindədir.  Əlbəttə ki, biz monarxiya və ya hər hansı ideoloji hökumət kimi mürtəce modellərin ölkə siyasətinə dönüşünü rədd edirik və inanırıq ki, İranda dünyəvi (sekulyar) federal demokratik hökumət xalqın əsas hüquqlarının təmin edilməsi üçün ən yaxşı həll yoludur. Xüsusi vurğulamaq lazımdır ki, demokratiya dedikdə seçkilərin keçirilməsi, majoritar sistemin təbliği və müəyyən mənada çoxluğun zülmünü nəzərdə tutmuruq, həmçinin demokratiyanı bu sadaladıqlarımıza aid etmirik. Belə ki, bu cür demokratiya anlayışları, xüsusən də İran kimi cəmiyyətlərdə milli problemin həllinə və azlıqlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına o qədər də kömək edə bilməz və uzunmüddətli perspektivdə avtokratik rejimlərin qayıdışına səbəb ola bilər. Bizim üçün demokratiyanın öncəliklərindən biri azlıqların hüquqlarının təmin və qəbul edilməsidir. Bu səbəbdən İranın siyasi və sosial şərtlərini nəzərə alaraq, onun gələcəyi üçün plüralist, iştirakçı və multikultural demokratiyanın tərəfdarlarıyıq.

İranın gələcəyi üçün istənilən demokratik və dinc həll, milli/etnik, dini/məzhəbi, cinsi və sinfi ayrı-seçkiliyin həllinin dörd yönünə əsaslanmalıdır və buna görə də biz İranda demokratiya məsələsini sadəcə dini tiraniya ilə mübarizə kimi məsələyə endirilməsi üçün hər cür cəhdi, demokratik mübarizədən bir sapma kimi görürük. İslam Respublikasına müxalif qruplarının siyasi gündəmində əsasən dini tiraniya, hətta amansız kampaniya, maarifçilik sayəsində qadın məsələsi və solçu qrupların cəhdləri, maarifçilik işlərinə görə müəyyən dərəcədə sinif məsələsi ilə bağlı fikir birliyi mövcuddur. Lakin yenə də İranda “milli böhran məsələsi”nin mövcudluğu inkar edilir və fərqli qrupların planlarında çox mühüm yer tutmur. Milli böhranı inkar siyasəti İranın hazırkı vəziyyətini, eləcə də gələcəkdə İran cəmiyyətinin inkişafı üçün lazım olan əməkdaşlıq və daxili sülh üçün bir yerdə olması lazım olan qrupların birləşməsini qeyri-mümkün edir.

Biz hesab edirik ki, çağdaş İranda demokratiya və müasirliyin reallaşmasına əngəl törədən əsas maneələrdən biri “milli böhran məsələsidir”. Çağdaş İranda avtokratiyanın iki əsas yönü fars/şiə millətçiliyi və mərkəzçilikdir ki, bunların hər ikisi təsadüfən İran millətlərinin siyasi varlığını təhdid edir və İranın gələcəyində bu yönlər yox edilənə qədər İranda demokratiyanın reallaşmasına ümidvar olmaq mümkün deyil. Bu məqsədlə İran milli dövlətinin strukturuna əsaslı şəkildə yenidən baxılmalı və qeyri-fars millətlərin son yüz ildə öz əsas hüquqlarını həyata keçirmək üçün apardıqları mübarizə tanınmalı və dəqiq şəkildə müxtəlif siyasi qrupların siyasi proqramlarına daxil edilməsi lazımdır.

Bütün bu sahələrdə böhranların həlli dünyadakı uğurlu təcrübələrdən istifadəni tələb edir. Bu mühüm məsələ daxili siyasətdə geniş yayılmış sülh, bərabərlik və anlaşma hissi ilə dolu, ölkənin xarici siyasətində isə qarşılıqlı hörmətə əsaslanan və hər iki tərəfin qazancını düşünən imkanlarının yaradılması şəraitində mümkün olacaq. Demokratik, federal və dünyəvi quruluş İran kimi çoxmillətli ölkə üçün ən ümumi və uğurlu qlobal modeldir. Belə bir hökumət strukturu inkişaf və tərəqqi istiqamətində bütün vətəndaşlara bərabər imkanlar yaratmaqla, hər hansı bərabərsizlik və kimlik ayrı-seçkiliyini aradan qaldırmaqla yanaşı, maksimum daxili əmin-amanlığın bərqərar olmasını, elmin təşviqini və ölkənin təhsil sisteminin keyfiyyətini təmin etməlidir. İnkişaf etmiş ölkələrlə rəqabət səviyyəsinə və məhsuldar iqtisadiyyata nail olmaq və qlobal bazarlarla rəqabət apara bilən bir ölkənin varlığı üçün bu struktur həyati əhəmiyyət daşıyır.

05

Azərbaycan Ocağının prinsipləri

“Azərbaycan Ocağı” aşağıdakı prinsiplərə inanır və onların yaradılması üçün hər cür səyi göstərir:

  1. İştirakçı demokratiya, hakimiyyət strukturunun mərkəzsizləşdirilməsi, eləcə də sərvətin ədalətli bölüşdürülməsi;
  2. Dünyəvilik, fikir azadlığı, dinin dövlət idarəetməsindən ayrılması;
  3. Cinsi və gender bərabərliyi;
  4. İrqçi siyasətlərə və assimilyasiyaya qarşı kimlik plüralizmi;
  5. İran çərçivəsində federativ respublika quruluşu vasitəsilə öz müqəddəratını təyin etmək hüququ;
  6. Ətraf mühitin mühafizəsi;
  7. Fərdi hüquq və azadlıqlar;
  8. Sosial ədalət və işçilərin hüquqları, müxtəlif siniflərin birliyinə dəstək;
  9. Uşaqların, qocaların, fərqli fiziki xüsusiyyətləri olan insanların hüquqları;
  10. Beynəlxalq hüquqa və beynəlxalq münasibətlərdə, eləcə də sülh prinsipinə tam hörmət.
06

Azərbaycan Ocağı-nın fəaliyyət proqramı

  • 1) Ümumdünya İnsan Haqları Bəyannaməsi və konvensiyaları (Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt – İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt): Ümumdünya İnsan Haqları Bəyannaməsi və konvensiyalar İranın milli qanunları kimi tanınmalı, eləcə də bu konvensiyaların bütün təfərrüatları milli qanunlarda həyata keçirilməli və qüvvəyə minməlidir. Onlara zidd olan bütün qanunlar ləğv edilməlidir;
  • 2) Dünyəvi hökumət: Hökumət bütün din, məzhəb və ideoloji inanclara bərabər yanaşmalı, heç bir dövlət orqanı və ya hökumətə bağlı olan şəxs, din və ya dini inanc əsasında qərar qəbul etməməlidir;
  • 3) Cinsi/gender kimliyi: gender kimliyinə əsaslanan hüquqi bərabərlik konstitusiya ilə təmin edilməli və bu prinsipin cəmiyyətin bütün səviyyələrində həyata keçirilməsi daimi nəzarətdə saxlanılmalı, eləcə də bu baxımdan digər cinsi və gender azlıqların hüquqları qorunmalıdır;
  • 4) Dil və mədəni ədalət: assimilyasiya siyasətləri tamamilə dayandırılmalı, bütün dillər və kimliklər tanınmalıdır. Gələcəkdə bütün etnik qruplar arasında ədalət nəzərə alınmaqla qanunlar, qaydalar və layihələr hazırlanmalı, keçmiş zülmlər və ədalətsizliklərin əvəzinin ödənilməsı, həmçinin nəticələrini aradan qaldırmaq üçün lazımı tədbirlər görülməlidir. Ölkənin inkişafı və mədəni tərəqqisi üçün kütləvi informasiya vasitələri müxtəlif dillər və regionlar arasında bərabər və ədalətli şəkildə bölüşdürülməlidir. Hazırda Fars dili və fars mədəniyyət “İran milli mədəniyyəti”inin ekvivalenti olaraq təqdim olunur, bunun qarşılığında isə qeyri-fars mədəniyyətləri və dilləri “yerli” və “şifahi” mövqeyə salınaraq məhvə sürüklənir. Nəticə etibarı ilə, İranın coğrafiyasındakı digər dil və mədəniyyətlərin “İran mədəniyyəti və kimliyinin” ayrılmaz komponentləri kimi yenidən müəyyənləşdirilməsi zəruridir. Bu məsələni həll etmək üçün resurs və vasitələrin ədalətli bölüşdürüldüyü çoxdilli təhsil sisteminin yaradılması vacibdir;
  • 5) İctimai nəzarət: qanunvericilik, icra və məhkəmə hakimiyyətinin müstəqilliyi Konstitusiya ilə təmin edilməli və bu üç səlahiyyətin icrasına peşəkar və güclü media, həmçinin qeyri-hökumət təşkilatları nəzarət etməlidir. İstənilən zaman çərçivəsində bütün qanun layihələri müvafiq dövlət qurumları, özəl sektor, birliklər, eləcə də xalq təşkilatları tərəfindən müzakirə edilməli, baxılmalı və onların fikirləri parlament komissiyalarında nəzərə alınmalıdır;
  • 6) Hakimiyyətin mərkəzdə cəmləşməsinin qarşısı alınmalıdır: İran hökumətinin strukturundan mərkəzçilik aradan qaldırılmalı, dünyada mövcud ən uğurlu nümunələrə əsaslanaraq qanunvericilik və icra işləri mümkün qədər vətəndaşların iştirakı ilə həyata keçirilməlidir. Mövcud qüsurlu və işləməyən bürokratiyanı müasir və effektiv  hökumət və onun nəzarəti altında fəaliyyət göstərən qurumlar əvəz etməlidir;  
  • 7) Qonşularla gərginliyin azaldılması, eləcə də qlobal dəyərlərə hörmət və rəğbətlə əsaslanan iqtisadi inkişafın öncəlik olması: İran təbii sərvətləri satmağa ehtiyacı olan ölkədən qlobal bazarlarda rəqabət apara bilən məhsullar istehsal edən ölkəyə çevrilməlidir. Bu məqsədlə kapital cəlb etmək üçün dünya ilə əlaqələri genişləndirmək və regional inkişaf yanaşması ilə qonşu dövlətlərlə əməkdaşlıq etmək ölkənin siyasi-iqtisadi öncəliklərindən olmalıdır;
  • 8) Sosial ədalət: Bütün inkişaf proqramları və layihələri cəmiyyətinin rifahına, insanların müxtəlif təbəqələrinin hüquqlarının təmin edilməsinə, həmçinin ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət etməlidir. Fərqli siniflərin öz hüquqlarını müdafiə etmək üçün təşkilatlar yaratmaq hüququ olmalıdır;
  • 9) Ətraf mühitin mühafizəsi və bərpası: ətraf mühitin qorunması hər bir layihə üçün ən vacib şərt olmalıdır. Bununla yanaşı, ekologiya ilə bağlı aktual problemlərin ali məktəb və ixtisaslaşmış müəssisələrin iştirakı ilə elmi yanaşma ilə həlli gündəmdə olmalıdır.
07

Azərbaycan ocağının öncəlikləri

Azərbaycanın məşrutə inqilabı müddətində və ondan sonrakı dövrdə apardığı siyasət İranda demokratik, milli və müasir idarəçiliyin həyata keçirilməsində ən parlaq təcrübəsi olmuş və təəssüf ki, Rza xanın hakimiyyəti ələ alması ilə uğursuzluğa düçar olmuşdur. Azərbaycan İranda iştiraklı demokratiya, dövlət və əyalət birlikləri şəklində təklif edilən plüralist və mərkəzsizləşdirilmiş müasir modeli bərqərar etməyə çalışmış və daha sonra bir il müddəti ərzində Azərbaycan milli hökuməti bunu ən yaxşı şəkildə təcrübədən keçirmişdir. Müasir dövrdə mərkəz tərəfindən bu alternativin ciddi şəkildə sıxışdırılmasına baxmayaraq, Azərbaycan hələ də bu ideyanın dinc və sivil üsullarla həyata keçirilməsini davam etdirir.

Bu baxımdan Azərbaycan Ocağı İranda demokratik, dünyəvi və federal hökumətin yaradılması üçün İran millətlərinin koalisiya və yaxınlaşmasını, eləcə də onların iştirakını istəyir. Bununla əsas diqqət Azərbaycanın hərtərəfli və davamlı inkişafına, Azərbaycan xalqının milli hüquqlarının, o cümlədən fərdi və kollektiv azadlıqlarının həyata keçirilməsinə yönəldir və bu məqsədə çatmaq üçün aşağıdakı əsas istiqamətləri öncəlik olaraq təyin edilir:

  • İranda tək dilliliyə son qoymaq üçün türk dili, fars olmayan digər millətlərin dilləri ilə birlikdə konstitusiyada rəsmi dil kimi tanınmalıdır. Azərbaycanda və türk əhalisinin əksəriyyətinin yaşadığı digər bölgələrdə təhsil də daxil olmaqla gündəlik həyatda türk dilinə üstünlük veriləcəkdir. Mediasiyanın aparılması üçün dil haqqında qərar demokratik mexanizmlər əsasında qəbul olunmalıdır;
  • İranın inzibati-siyasi strukturunda mərkəzsizləşdirmənin sona çatması, eləcə də federalizmə keçilməsi Azərbaycan və İran türklərin, həmçinin digər qeyri-fars millətlərin əsas tələblərindəndir. Bu, İran millətlərinin siyasi varlığının tanınması və onlar arasında güc, sərvət və ləyaqətin ədalətli bölüşdürülməsi üçün mühüm başlanğıc nöqtəsidir, habelə mövcud əsas problemin həlli üçün mümkün olan ən demokratik sülh yoludur;
  • Azərbaycan İranda bərabər olmayan inkişafın əsas qurbanlarından biridir və siyasətdə mövcud ayrı-seçkilik nəticəsində iqtisadi geriliyini dayandırmaq üçün həll yolları nəzərdən keçirilməlidir. Hazırda təəssüf ki, Azərbaycanın yeraltı sərvətindən əldə olunan gəlirlər bu bölgələrin inkişafı və tərəqqisinə sərf olunmaqdansa mərkəzi rayonlara yönləndirilir. Azərbaycanın əyalətləri İranın ən çox məhrumiyyət içərisində olan və inkişaf etməmiş bölgələri sırasındadır. İranda federalizm bərqərar olduqdan sonra, bu gəlirlər Azərbaycanın inkişafı və tərəqqisinə xərclənəcəkdir;
  • Azərbaycan türk bölgələrindən mərkəzə kütləvi miqrasiya böhranı ilə üz-üzədir ki, bu da bu əhalinin kütləvi şəkildə assimilyasiyasına və bu regionda insan kapitalının zəifləməsinə səbəb olmuşdur. İmkanların ədalətsiz bölüşdürülməsindən qaynaqlanan bu miqrasiya, Azərbaycanın əhalisinin strukturunu dəyişdirmiş və yoxsulluğun yaranmasına səbəb olmuşdur. İranın gələcəyində hərtərəfli ayrı-seçkiliyi və bərabər olmayan inkişafı aradan qaldırmaqla bu arzuolunmaz prosesin qarşısını almaq və mühacirlərin Azərbaycana qayıtması üçün şərait yaratmaq lazımdır;
  • Yoxsulluq və məhrumiyyət hökumətin təbliğatı ilə yanaşı Azərbaycanın bəzi bölgələrində erkən nikahlara səbəb olmuşdur. Belə ki, Azərbaycanın əyalətləri statistik olaraq İranda ən çox uşaq evliliyi baş verən məntəqələrdir. Qadınlar və uşaqlarla bağlı beynəlxalq konvensiyalara uyğun olaraq qanunlar, eləcə də sosial və mədəni maarifləndirə formalaşdırmaqla bu vəziyyətə son qoyulmalıdır;
  • Qeyri-dayanıqlı inkişaf, habelə mərkəzi hökumətin korupsiyalaşması nəticəsində İranın digər ərazilərində olduğu kimi Azərbaycanın ekologiyasına da böyük zərər dəymiş, faciəvi sonluq olaraq Urmiya gölü qurumaq üzrədir. Gələcəkdə bu böyük böhranı aradan qaldırmaq üçün beynəlxalq təcrübə və qabaqcıl texnologiyaların istifadə edərək, inkişaf və tərəqqi prosesində bu problemi gündəliyə gətirmək lazımdır;
  • Azərbaycanda milli, dini və məzhəb azlıqların əsas hüquqlarına, o cümlədən ana dilində təhsil hüququna, ideoloji və dini azadlıqlara hörmət edilməsinə və mədəniyyətlərinin qorunmasına ciddi diqqət yetirilməlidir;
  • Azərbaycanın strateji və geosiyasi əhəmiyyəti onu gələcəkdə sülhü təşviq edən və İranın inteqrasiyasını asanlaşdıran diplomatik təşəbbüslər üçün mərkəz kimi önə çəkir. Regionun mədəni, dil, dini və tarixi əlaqələri ilə səciyyələnən dörd qonşu ölkəyə yaxınlığı ərazidə mədəni və iqtisadi diplomatiyanın inkişafı üçün perspektivli zəmin yaradır.
08

Ümumi maraqlara uyğun koalisiyanın yaradılmasının zəruriliyi

Şübhəsiz ki, ümumi problemləri aradan qaldırmağın ən məntiqli yolu bütün tərəflərin bir araya gələrək ortaq plan təqdim etməsi olacaqdır. Bu nöqteyi-nəzərdən bu gün İran İslam Respublikası ilə qarşı-qarşıya gəlmək və ümumi məqsədlərə çatmaq üçün digər demokratik qüvvələrlə birləşmək lazımdır. Bu baxımdan Azərbaycan Ocağı bütün sahələrdə ümumi məqsədlərə çatmaq üçün vahid cəbhənin yaradılmasının, məqsədyönlü və kollektiv hərəkatın zəruriliyinə inanır.

Son

SON
Scroll to Top